Ölkəmizdə bir çox geyim və kitab mağazaları, restoranlar tələbələr üçün müxtəlif endirim konpaniyaları təşkil edir. Bu endirimlər bir çox ölkələrdə nəqliyyat vasitələrində də istifadə olunur. Götürək qardaş Türkiyəni. Türkiyədə nəqliyyat vasitələrində gediş qiyməti 59 və 67 qəpik arasında dəyişdiyi halda bu qiymətlər tələbələr üçün 30-32 qəpik arasında dəyişir.

Son günlərdə sosial şəbəkələrdə Bakı Nəqliyyat Agentliyinin yaydığı deyilən məlumatda bildirilir ki, bir müddət sonra nəqliyyat vasitələrində tələbə və təqaüdçülərə endirimlər olunacaq.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevlə danışdıq. O, bildirdi ki, belə bir mövzu hələ gündəmdə deyil: "Bizim hal-hazırda qarşımıza qoyduğumuz əsas məqsəd şəhərin bütün istiqamətinə gedən avtobusların kart sisteminə keçməsidir. Sosial şəbəkələrdə bizim adımıza yayılan bu məlumatlar yalandır".

Tələbələrin hər zaman dəstəyə ehtiyacı var
Bu sözləri AzNews.az saytına açıqlamasında nəqliyyat eksperti Azər Allahverənov deyib.

“Bu təcrübə bizə qonşu olan bir çox ölkələrdə həyata keçirilir. Rusiyada, Gürcüstanda elə qardaş ölkə Türkiyədə də. Hər bir ölkənin büdcəsi fərqlidir. Amma bunu düşünməliyik ki, tələbələr cəmiyyətin əsas qruplarıdır, sosial müdafiəyə ehtiyyacı olan şəxslərdir və onlara müəyyən mənada dəstək göstərmək lazımdır. Çünki tələbələr daha çox dərsləri ilə məşğuldurlar və onların çox az bir qismi əmək fəaliyyəti ilə məşğul ola bilirlər. Buna görə də onlara müəyyən güzəştə getmək lazımdır. Tutalım, tələbənin bir günlük nəqliyyat vasitələrinə xərclədikləri pul 1 manatdırsa, endirim olsa 50 qəpik olacaq. Bu elə tələbələrə də az məbləğ kimi görünsə də, əslində bu məbləğ il ərzində toplananda böyük məbləğə çevrilir. Bu məbləğlə də tələbə öz kitab xərclərini qarşılaya bilər. Mən özüm bu mövzunu hər zaman gündəmdə saxlamağa çalışıram, bəzi insanlar mənim fikrimlə razılaşmasa da, çoxu razılaşır. Fikrimlə razılaşanlar, mövzuya mən dediyim mövqedən yanaşır, razılaşmayanlar isə məsələyə daha çox bazar iqtisadiyyatı rakursundan yanaşır”.